Tofiq Bəhramov

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzasıİncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSRQafan rayonunda yerləşib) didərgin düşmüşdü. Futbolçu karyerasına 1943-ci ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı oldu. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 

1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" - "İnşaatçı" matçına hakim gəlib çıxmamışdı. Nəticədə 26 yaşlı gəncə oyunu idarə etməyi təklif edirlər. Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnib. O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edir.1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov 2 il sonra Futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edir. Get-gedə ümidləri doğruldan referi həmin il "Neftçi" və Efiopiya yığmaları arasında yoldaşlıq oyununu da idarə edir.

O, SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edib.Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir. O, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb.Tofiq Bəhramov 1963-cü ildən etibarən 13 il (!) ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.

Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır. O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxır.

O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir. O, Nikolay Latışevdən sonra FİFA Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, UEFA Avropa Çempionatının final oyununu idarə edən birinci sovet hakimi olub. O, 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.

1970-ci il Meksikada keçirilən dünya çempionatında da Bəhramov 3 oyunda hakimlik etdi. 1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ dünya yığması ilə qarşılaşmış, həmin görüşü də Bəhramov idarə etmişdi. O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ("Estudiantes" - "Mançester Yunayted" oyununda laysman, "İndependyente" - "Ayaks" matçında baş hakim) ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhemton" - "Tottenhem") da ona tapşırılmışdı.

Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşdı. Ailəli idi, Bəhram adlı oğlu, Gülnarə adlı qızı var. Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb